• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 716
— 15.09.2015 18:59

Şabranda “Diqqət, uşaqlar!” adı altında avtoreyd keçirilib

Bu gün Şabran rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində reyd keçirib. Məqsəd yeni dərs ilinin başlanması ilə əlaqədar yollarda məktəblilərin təhlükəsizliyini təmin etmək, şagirdləri və sürücüləri maarifləndirmək olub.

Sürücünün ani diqqətsizliyi piyadaların həyatı bahasına başa gələ bilərdi. Elə Şabran rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının keçirdiyi avtoreydin də məqsədi bu kimi halların qarşısını almaq, piyadaların təhlükəsizliyini təmin etməkdir. Reyd zamanı sürücülərlə yanaşı, piyadalar da maarifləndirilib. Məktəblilərə yolu keçərkən hansı qaydalara riayət etməli olduqları barədə məlumat verilib. Bununla yanaşı, reyddə piyadalara yol verməyən sürücülər polis tərəfindən saxlanılaraq cərimələnib.

Şabranda təşkil edilən reyd Azərbaycan Respublikası Daxili İşlər nazirinin müvafiq əmrinə əsasən keçirilən “Diqqət, uşaqlar!” adı altında həyata keçirilən təhlükəsizlik ayı çərçivəsində baş tutub. Senyabrın 10-dən oktyabrın 10-dək keçirilən təhlükəsizlik tədbirlərinin məqsədi azyaşlıların, yeniyetmələrin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin qarşısını almaqdır.  Bu kimi reydlərin qarşıdakı dövrdə də keçirilməsi planlaşdırılır.

Cəfər Talıb