• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 726
— 10.09.2015 18:54

Lənkaran və Bakıda ölüm və xasərətlərlə nəticələnən qəzalar olub

Lənkaranda sürücü öz avtomobilinin altında qalaraq dünyasını dəyişib. Bakıda qeydə alınan qəzalar isə xəsarətlə nəticələnib. Hadisələrdən biri 4 avtomobilin toqquşması nəticəsində baş verib.

Ötən gecə Lənkəranda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.  Hadisə gecə saat 00:10 radələrində Lənkəran şəhərinin mərkəzində - Heydər Əliyev prospektində qeydə alınıb. 34 yaşlı Xaçmaz rayon sakini Ramin Məmmədli sükanı arxasında olduğu “Opel Astra” markalı avtomobilin  idarəetməsini itirib. Nəqliyyat vasitəsi əvvəlcə yolun kənarındakı səkiyə, daha sonra isə ağaca çırpılaraq çevrilib.  Zərbə nəticəsində sürücü maşından kənara düşüb. Avtomobilin sürücünün üzərinə aşdığı bildirilir. Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının köməkliyi ilə avtomobildə olan yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hadisənin yüksək sürət səbəbindən baş verdiyi deyilir.

Paytaxtın Nəsimi rayonu, Səməd Vurgun küçəsində isə “Mercedes” markalı avtomobillə “Volkswagen Passat”  markalı nəqliyyat vasitəsi toqquşub. Qəza zamanı “Volkswagen Passat”da olan sərnişinlərdən biri xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırlıb. Həmin avtomobilin sürücüsü Sabir Cəlilovun sözlərinə görə, qəza o, işıqforun yaşıl işığında hərəkətini davat etdirmək istəyən zaman baş verib.

Paytaxda qeydə alınan digər bir qəzada isə 4 avtomobil toqquşub. Belə ki, sürücü Həsən Əliyev idarə etdiyi  “BMW”  markalı  avtomobillə Tbilisi prospekti ilə üzü 20 Yanvar dairəsi istiqamətində yüksək sürətlə hərəkətdə olan zaman qəfil idarəetməni itirib. Nəqliyyat vasitəsi əvvəlcə qarşıda hərəkətdə olan London taksisinə, daha sonra Metropalitenə  məxsus yük maşınına çırpılıb. Sükana sahib  ola bilməyən sürücü avtomobili eyni markalı  digər avtomobilə çırpıb. Xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib. Qəzanın baş verdiyi əraziyə yol patrul xidmətinin əməkdaşları və Nəsimi  Rayon Polis İdarəsinin xidməti əməkdaşları gəlib. Məlumata görə  qəzanın baş verməsinə səbəb London taksisinin  “BMW”- yə yol verməməsi olub.

Bütün faktlarla bağlı araşdırmalara başlanılıb.

Ruhəngiz Hacızadə