• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 739
— 09.09.2015 18:18

Ölkə yolları növbəti avtoqəzalara şahidlik etdi

Ölkə ərazisində baş verən yol qəzaları müxtəlif xəsarətlərə yol açdı. Lənkəranda avtomobilin elektrik dirəyinə çırpılması 2000 abonenti işıqsız qoyduğu halda, Şəki sakini avtomobilini ağaca çırparaq xəsarət aldı.Yol qəzası paytaxt yollarından da yan keçmədi.   

Lənkəranda yol-nəqliyyat qəzası baş verib.  Hadisə sentyabrın 8-də saat 21:30 radələrində Lənkəran-Boradigah şosesinin Şağlaser kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəran şəhər sakini, 1955-ci il təvəllüdlü Aydın Qurban oğlu Səlimovun idarə etdiyi “VAZ – 21 074” markalı, minik avtomobili qəfildən idarəetməni itirib və yolun kənarındakı elektrik dirəyinə çırpılaraq onu aşırıb. Xoşbəxtlikdən xəsarət alan olmasa da, güclü zərbədən minik avtomobili yararsız vəziyyətə düşüb. Sürücünün sözlərinə görə, qarşı tərəfdən hərəkətdə olan minik avtomobili birbaşa onun üstünə gəldiyindən maşınını qaçıraraq yolun kənarına verib. Nəticədə isə yol qəza hadisəsi törənib. Qeyd edək ki, elektrik dirəyinin aşması səbəbindən 3 yaşayış məntəqəsinin 2000-dən çox abonenti 25-30 dəqiqə müddətinə işıqsız qalıb. Rayon Elektrik Şəbəkəsi əməkdaşlarının operativ müdaxiləsindən sonra evlərə elektrik enerjisinin verilişi bərpa olunub. Faktla bağlı araşdırma aparılır.

Şəki şəhər sakini 1999-cu il təvəllüdlü Kərimli Ayxan Zaur oğlu 99-MX-793 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə Mirzə Fətəli Axundov prospektində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında olan ağaca çırpılıb. Qəza zamanı 16 yaşlı sürücü Kərimli Ayxan müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, ona sol diz oynağının travması, döş qəfəsinin qapalı travması diaqnozu qoyulub, vəziyyəti yaxşı qiymətləndirilir. Hazırda avtoqəzanın dəqiq hansı səbəblərdən baş verməsi araşdırılır. Qeyd edək ki, qəza törədən 16 yaşlı Ayxan Kərimlinin idarə etdiyi avtomobil onun atasına məxsus olub.

Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Elvin Nəsirov idarə etdiyi "90 MU 243" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil ilə yüksək sürətlə şəhərdən üzü hava limanı istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə o, maşını prospektdəki elektrik dirəyinə çırpıb. Qəza nəticəsində sürücü Elvin Nəsirov ağır bədən xəsarətləri alıb. Hadisə yerinə təcili yardım çağırılıb. Yaralıya hadisə yerində ilkin yardım göstərildikdən sonra o, 1 saylı şəhər kliniki xəstəxanasına aparılıb. Hadisə yerinə Baş Dövlət Yol Polisinin əməkdaşları gəliblər. Qəza yerinin müayinəsi zamanı məlum olub ki, hadisəyə səbəb yüksək sürət olub. Qəza ilə bağlı prospektdə sıxlıq yarandığından yararsız hala düşən avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Daha sonra yolda nəqliyyatın hərəkəti normala qayıdıb. Faktla bağlı araşdırmalar davam etdirilir.