• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4208
— 09.09.2015 10:14

Ölkənin müxtəlif bölgələrində gənclər bıçaqlanıblar

Gəncə sakini borc üstündə öz bibisioğlu tərəfindən bıçaqlanıb.  Bərdədə isə bir gecədə 3 nəfər eyni aqibətlə üzləşib.  Paytaxtda da analoji fakt qeydə alınıb. Bu dəfə 22 yaşlı gənc bıçaq yarası alıb.

Gəncə sakini 32 yaşlı Ramin Zamanov Şəhər Təcili Tibbi Yardım xəstəxanasının qarşısında qarın nahiyəsindən bıçaqlanıb. Yaralı dərhal xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat edilib. Vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, Ramin Zamanov bibisi oğlu Elmir Əsgərov tərəfindən borca görə bıçaqlanıb.

Bərdədə rayon sakinləri Vaqif Orucov, Rəvan Şahbazov və Elgiz Ələkbərov müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisənin rayonun Zümürxan kəndində mübahisə zəminində törədildiyi bildirilir.

Bakının Xətai rayonunda da mübahisə qanla bitib. Ukrayna dairəsi yaxınlığında yerləşən parkda 22 yaşlı Fərhad Poladovla tanışı arasında mübahisə düşüb. Bu zaman tanışı üzərində gəzdirdiyi bıçaqla Fərhada ayağından bir zərbə endirib və daha sonra hadisə yerindən qaçıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər.

Bütün faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Vəfa Şairova