• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4111
— 08.09.2015 19:25

Bakıda quldurluq edən dəstə zərərsizləşdirilib

Paytaxtın Xəzər rayonunda quldurluq cinayəti törətmiş 3 nəfərdən ibarət dəstə zərərsizləşdirilib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini İlham Abbasov, Abşeron rayon sakini Əli Quliyev və Lənkəran rayon sakini Teyyub Teymurov tutulublar.

Aparılan istintaq zamanı müəyyən edilib ki, qabaqcadan əlbir olan dəstə üzvləri, özgənin əmlakını ələ keçirmək məqsədi ilə, başlarına maska keçirərək Mərdəkan qəsəbəsində yaşayan vətəndaş Nelli Seyfullayevanın evinə daxil olaraq ev sahibinin əl - ayağını, həmçinin ağzını yapışqanlı lentlə bağlayaraq ondan pul tələb ediblər. Nəticədə quldurlar zərərçəkənin min manat pulunu və bir ədəd mobil telefonunu ələ keçirərək hadisə yerindən qaçıblar.

Araşdırma zamanı o da məlum ki, dəstə üzvlərindən iki nəfər – İ.Abbasov və T.Teymurov bir müddət əvvəl həmin mənzilində fəhlə kimi işləyiblər və bu səbəbdən evdə pul olması barədə onlar məlumatlı olublar.

Faktla bağlı Xəzər rayon polis İdarəsinin İstintaq Şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Vəfa Şairova