• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 729
— 07.09.2015 18:36

Ölkə ərazisində baş verən yanğınlar çoxluğu ilə seçilib

Ötən gün Xaçmaz rayonunda baş verən yanğın hadisələrinin çoxluğu ilə yadda qalıb. Şabran və Şəkidə də analoji hadisə qeydə alınıb.

Xaçmazda baş verən hadisələr rayonun Qımılqışlaq, Nərəcan, Ağçay, Xudat şəhərinin 4-cü şöbəsi, Çarxı, Niyazabad, Bostançı, Hülövlü, Çiləgir, Armud-padar, Bostançı, Mürşüd-oba kəndlərində və Xaçmaz şəhərinin müxtəlif ərazilərində qeydə alınıb. Yanğınlar əsasən biçilmiş əkin sahələrində, zibilliklərdə və ot bağlamalarının yıxıldığı ərazilərdə müşahidə olunub. Alovun söndürülməsi üçün FHN-nin Xaçmaz DYMH-nin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi, həmçinin qonşu Quba, Şabran, Siyəzən rayonlarından 3 yanğınsöndürən avtomobil cəlb olunub. Yanğının dəmiryolu xətlərinə və meşə massivinə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

 Xaçmazla yanaşı, Şabran rayonunda da güclü yanğın baş verib. Rayonun Gəndob kəndi ətrafında 50 hektarlıq nar bağı yanıb. Hadisə yerinə FHN-in 3 yanğınsöndürən maşını cəlb edilib. 

Şəkinin Əliyar kəndində də analoji hadisə baş verib. Kənd sakini Əhmədov Rəşidə məxsus tövlə bir anda alovlara qərq olub. Əraziyə Şəki Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alov söndürülüb və digər tikililərə keçməsinin qarşısı alınıb. Heyvan tələfatı qeydə alınmasa da, 100 kv/m sahəsi olan tövlənin 70 kv/m-i və 10 ton ot bağlaması yanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.