• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4141
— 02.09.2015 18:13

MTN antiterror əməliyyatı keçirib, 5 Azərbaycan vətəndaşı tutulub

Həmin şəxslər qanunsuz silahlı birləşmələr və ya qruplar yaratmaqda, partlayış, yanğın törətməkdə, dini düşmənçilik yaymaqda təqsirli bilinirlər.

MTN tərəfindən həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan vətəndaşları – Şirxan Xasaylı, Rövşən Mikayılov, Elşən Adilov, Vüqar Hacıyev  və  Azər Eyyubov tutulub. Həmin şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma,  onları silahla, döyüş sursatı ilə,  yaxud əsgəri ləvazimatla təchizetmə, terrorçuluq, Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq adı altında dini düşmənçilik zəminində Azərbaycanın hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə və digər hüquqazidd əməllərinin törədilməsinə görə şübhəli şəxs qismində saxlanılıblar.  Adıçəkilənlər  təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs-qətimkan tədbiri seçilib. Onlardan Rövşən Mikayılov barəsində istintaq tamamlanaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Həmin məhkəmənin 25 avqust 2015-ci il tarixli hökmü ilə Rövşən Mikayılov ittiham olunduğu cinayətlərdə təqsirli bilinərək 13 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Digər 4 nəfər barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Müəyyən edilib ki, Şirxan Xasaylı, Rövşən Mikayılov, Elşən Adilov, Vüqar Hacıyev və Azər Eyyubov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraq ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.

Faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

Qeyd edək ki, göstərilən cinayətlərin törədilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan cəza müddətləri artırılaraq 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzaları müəyyən edilib.