• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3933
— 02.09.2015 17:08

Bakıda piyada ehtiyatsızlığı ölümlə, Şəkidə isə sürücü diqqətsizliyi xəsarətlə bitdi

Piyadanın keçiddən istifadə etməməsi onun həyatı bahasına başa gəldi. Hadisə Bakıda qeydə alınıb. Şəkidə baş verən qəzada isə 1 nəfər xəsarət alıb.

Paytaxtın Heydər Əliyev prospektində ağır yol qəzası qeydə alınıb. "Mercedes" markalı avtomobil "Şəfa" stadionunun yanında yolu keçmək istəyən və hələlik kimliyi müəyyən edilməyən piyadanı vurub. Zərbənin təsirindən piyada olduğu yerdən 30 metr kənara düşüb və oradaca keçinib. Araşdırmalar zamanı məlum olub ki, kimliyi müəyyən edilməyən şəxs stadionun yanındakı piyada keçidindən istifadə etməyib. Qəzadan sonra prospektdə sıxlıq yaranıb. Hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib. Yarım saatdan sonra ərazidə nəqliyyatın hərəkəti əvvəlki vəziyyətinə qayıdıb.

Gecə saatlarında Şəkinin Qoxmuq kəndi ərazisində də qəza baş verib. Kənd sakini 55 yaşlı Umud Qədimov idarə etdiyi “VAZ 2106” markalı avtomaşınla hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb və sürücü xəsarət alıb. Umud Qədimov dərhal Şəki RMX-na çatdırılıb. Xəstəxanadan verilən məlumata görə onun vəziyyəti stabildir. Faktla bağlı araşdırma aparılır.

Ruhəngiz Hacızadə