• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4169
— 01.09.2015 22:28

Ölkədə bir neçə ağır yol-nəqliyyat hadisəsi baş verib

“Yol terroru” can almaqda davam edir. Bu gecə baş verən qəzalarda 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Paytaxtda - Zabrat-Maştağa yolunda qeydə alınan hadisə zamanı VAZ-2172 markalı avtomobillə MAN markalı benzindaşıyan maşın toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü, 40 yaşlı Elman Ağayev və sərnişin, 38 yaşlı Rövşən Quliyev hadisə yerindəcə keçiniblər. Avtomobildə olan  digər sərnişinlər - 42 yaşlı Mirvaleh Əzizov və 33 yaşlı Əli Şərifov ağır xəsarətlərlə  3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər. İlkin ehtimala görə, qəzaya VAZ-2172 markalı avtomobilin sürücüsünün sürət həddini aşması səbəb olub.

Digər yol nəqliyyat hadisəsi paytaxtın Çobanzadə küçəsində baş verib. Yolu keçmək istəyən  61 yaşlı Əli  Mahmudov naməlum avtomobil tərəfindən vurulub. O, təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Kliniki xəstəxanasına çatdırılıb.  Polis  hadisəni törədərək qaçan sürücünün axtarışına başlayıb.

Metronun “Neftçilər” stansiyasının yaxınlığında da piyadanın vurulması faktı qeydə alınıb. Belə ki, Təcili tibbi yardım stansiyasına avtomobillə vurulmuş piyadanın vəziyyətinin ağır olması ilə bağlı çağırış daxil olub. Təcili tibbi yardım briqadası yaralını 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.

Analoji hadisə Göygöl rayonunda da baş verib. 22 yaşlı Nazir Zeynalov yolu keçmək istəyərkən “QAZel” markalı yük avtomobili ilə vurulub. Yaralı hər iki ayağın sınığı diaqnozu ilə ilə Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Bütün faktlarla bağlı araşdırmalar aparılır.