• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 800
— 31.08.2015 18:02

Masallı, Şəki və Xudatda yol qəzalar olub, ölən və yaralananlar var

Balıq tutmağa gedən Masallı sakini qəza nəticəsində hayatını itirib. Şəkidə baş verən  motosiklet qəzası 2 nəfərin xəsarət alması ilə nəticələnib. Xəsarət alanlar Motofestivalın iştirakçıları olublar. Xudatda isə iki velosipedçini vuran avtomobil sahibi yaralıları hadisə yerində qoyaraq qaçıb.

Neftçala rayonunun Boyat kəndində avtomobilin su kanalına düşməsi ölümlə nəticələnib. Masallı rayon sakini 50 yaşlı Vidadi Tağıyev sükanı arxasında olduğu “VAZ 21-011” markalı avtomobillə hərəkətdə olarkən,  nəqliyyat vasitəsi yol kənarındakı su kanalına düşüb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Məlumata görə, avtomobildə olan şəxslər Masallıdan Neftçala rayonuna balıq tutmaq məqsədi ilə gediblərmiş.

Şəkidə isə motosiklet qəzası 2 nəfərin xəsarət alması ilə nəticələnib. Hadisə ötən gecə saat 12 radələrində şəhərin Salman Mümtaz küçəsində, Olimpiya İdman kompleksinin yaxınlığında baş verib. 26 yaşlı Bakı şəhər sakini Elçin Babayevin idarə etdiyi motosiklet həmin ərazidəki yol dairəsindən keçərkən idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq kənardakı maneəyə çırpılıb. Sürücü Elçin Babayevlə yanaşı, onun sərnişini 23 yaşlı Bakı sakini Aynurə Muradova müxtəlif xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. Elçin Babayevin vəziyyəti yüngül olduğundan ilkin tibbi yardımdan sonra evə buraxılıb. Ağır kəllə-beyin travması alan Aynurə Muradova isə xəstəxananın reanimasiya şöbəsində yerləşdirilib. Səhər saatlarında xəstə müalicəsinin davam etdirilməsi üçün Bakı şəhərinə göndərilib.

Qeyd edək ki, qəzaya uğrayan şəxslər Şəkidə keçirilən Motofestivalın iştirakçıları olublar.

Xaçmaz rayon Xudat şəhərində də yol nəqliyyat hadisəsi qeydə alınıb. Şəhərin Susayqışlaq kəndi ərazisindən keçən hissəsində  avtomobil  velosipetdçini vurub. Hadisə nəticəsində velesipetdə olan Xudat şəhər Şollar kənd sakinləri Xaçmaz mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Onlardan 25 yaşlı Şaban Abdullayevə qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, həmyaşıdı Saleh Qəribova isə alının, burun yəhərinin, alt çənənin sıyrılması, əzilməsi və yaralanması diaqnozu qoyulub. Hadisəni törədən şəxs isə ərazidən qaçıb.

Faktlarla əlaqədar araşdırma aparılır.