• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 753
— 31.08.2015 17:57

Tovuz və Göygöl rayonlarında 5 nəfər yol qəzalarının qurbanı olub, yaralılar var

Yüksək sürət Tovuzda 4 nəfərin həyatına son qoyub. Göygöldə qeydə alınan qəza da ölümlə nəticələnib. Bu dəfə dəhşətli hadisədə Türkiyə vətəndaşı həyatını itirib.

Tovuzun Xatınlı kəndi ərazisində dəhşətli qəza baş verib. Hadisə zamanı Rəsul Süleymanov idarə etdiyi "Mercedes"in sükanına hakim ola bilməyərək əvvəlcə onu işıq dirəyinə, daha sonra isə həmkəndlisi Zeynalabdin Zeynalova məxsus “Kamaz” markalı avtomobilə çırpıb. Zərbənin gücündən dirək qırılaraq yol kənarına aşıb, avtomobil isə iki hissəyə parçalanıb. Sürücü və avtomobildə olan  33 yaşlı Etiram Quliyev,17 yaşlı Murad Əliyev hadisə yerində dünyasını dəyişib. 26 yaşlı İbrahim Əsədov isə ağır yaralı olaraq xəstəxanaya aparılıb, ancaq onun həyatını xilas etmək mümkün olmayıb.

Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində də yol qəzası baş verib. “Mercedes”  və “Mitsubishi” maraklı avtomobillərin toqquşması nəticəsində bir nəfər Türkiyə vətəndaşı, 46 yaşlı İsmayıl Aktaş ölüb, 3 nəfər, Şəmkir rayon Zəyəm kənd sakinləri, 34 yaşlı Anar Xəlilov, 23 yaşlı Ramin Allahverdiyev və 26 yaşlı Elvin Məmmədov ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Hər iki faktla bağlı araşdırma aparılır.