• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1477
— 11.08.2015 17:16

Ağdaşda ev, Tovuzda isə maşın yandı

Ağdaş rayonunda iki ailənin yaşadığı fərdi yaşayış evi yanıb. Tovuzda isə avtomobil otla birgə alışıb.

Ağdaş rayonunda iki ailənin yaşadığı fərdi yaşayış evi yanıb. Hadisə bu gün saat 17:00 radələrində rayonun Xosrov kəndində qeydə alınıb. Kənd sakini Dönməz İsayevə və Rövşanə İsayeva məxsus ümumi sahəsi 221 kvadratmetr olan bir mərtəbəli 5 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı mənzilin 185 kvadratmetrlik hissəsi içəridəki məişət əşyaları ilə birgə yanaraq yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb, ətrafda olan tikililər və tövlə yanğından xilas olunub. İki ailənin yaşadığı evin hansı səbəbdən yandığı hələ ki, məlum deyil. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində olan qısa qapanma olub. Faktla bağlı araşdırma aparılır. 

Tovuzda avtomobil otla birgə alışıb. Hadisə rayonun Vahidli kəndində Cəfərqulu Abdullayevin idarə etdiyi “QAZ-52” markalı yük avtomobilində baş verib. Kənd ərazisində otla dolu hərəkət edən maşın, qəfildən alovlanmağa başlayıb. Sürücü dərhal avtomaşını saxlayıb alovu söndürməyə çalışsa da buna nail ola bilməyib. Kənd sakinləri də alovlanan avtomobili söndürə bilməyiblər. Hadisə yerinə Tovuz YMH-nın avtomobil və canlı qüvvəsi çağrılıb. Yanğınsöndürənlər alovu ram edərək yanğının avtomobilin yanacaq çəninə keçməsinin qarşısını alıblar. Yanğın zamanı avtomobilin yanar konstruksiyaları qismən və banına yığılmış 2 ton ot bağlamasının 1 tonu yanaraq yararsız hala düşüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.