• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 766
— 14.07.2015 17:47

Göyçay və Şəki rayonlarında taxıl sahələri və nar bağları yanıb

Göyçayda və Şəkidə irimiqyaslı yanğın hadisələri baş verib. Taxıl sahələri və nar bağlarına ciddi ziyan dəyib.

Ötən gün axşam saat 19:00 radələrində Şəkidə böyük bir ərazini əhatə edən yanğın hadisəsi qeydə alınıb. Eyni anda müxtəlif istiqamətlərdə başlayan alovun miqyası getdikcə böyüyüb. Əraziyə dərhal Şəki Yanğından Mühafizə Hissəsinin 3 texnikası və canlı qüvvəsi, həmçinin Oğuz rayonundan 2, Yevlaxdan isə 1 texnika və canlı qüvvə cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun yaxın ərazilərdə yerləşən evlərə və şəxsi təsərrüfatlara keçməsinin qarşısı alınıb. Yanğın Şəki rayonunun Turan qəsəbəsi, Sarıcalı və bir neçə kəndinin 250 hektar taxıl sahəsini tamamilə yararsız hala salıb. Şəki yanğından mühafizə hissəsindən verilən məlumata əsasən, alovun qarşısı tam olaraq bu gecə 01:26 radələrində alınıb. Hələlik alovun hansı səbəbdən baş verdiyi məlum deyil.

Göyçay rayonunun Bığır və Qarayazı kəndlərində vətəndaşlara məxsus nar bağları və taxıl sahələrində yanğın baş verib. Dağlıq ərazidən başlayan alov havanın küləkli, ərazinin kol-koslu olması səbəbindən geniş ərazini əhatə edib. Göyçay Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hər iki kənddə yanğın 3 gündür fasilələrlə davam edir. Naməlum səbəbdən meydana gələn alov son 3 gündə həmin ərazidə 12 hektar nar bağı, 15 hektar taxıl sahəsi, kol-kos və xırda ağacların yanması ilə nəticələnib. FHN-in Göyçay və Ucar Dövlət Yanğından Mühafizə Hissələrinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi alovun yaxınlıqdakı mal-qara fermasına, evlərə, kafelərə ziyan vurmasının qarşısını alıb.

Yanğınların meydana gəlmə səbəbləri araşdırılır.