• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 840
— 11.06.2015 11:29

Gədəbəydə qızıl və mis yataqlarının arealı genişləndirilir

7 ildir fəaliyyətini Gədəbəydə davam etdirən “Azerbaijan İnternational Mining Company Limited” şirkəti ərazidə qızıl və mis yataqlarını genişləndirmək niyyətindədir. Şirkət Azərbaycanın ilk metal mədəninə çevrilən zavodda 3-cü istehsal sahəsi yaratmaqdadır.

Azərbaycan hökumətinin 51%, xarici şirkətin 49% pay sahibi olduğu Gədəbəy Qızıl Mədəni 400 hektar ərazini əhatə edir. 500-ə yaxın insanın çalışdığı mədən ötən il Azərbaycan brendi ilə 60 min unsiya qızılı dünya bazarlarına çıxarıb. Bu il istehsal gücünü artırmaq niyyətində olan zavod dağlarda geoloji kəşfiyyat işləri aparmaqla yanaşı, qızıl və mislə zəngin filizin əldə olunması üçün şaxtalardan istifadə edir. İlkin olaraq, dərinliyi 1 kilometr, uzunluğu isə 800 metr olan şaxtadan bu günədək 200 ton filiz çıxarılaraq emal edilib. Hazırda zavod ərazisində xammal kimyəvi çiləyici üsulla və xüsusi çənlərdə sianidli aşındırma vasitəsilə ilkin emala hazırlanır.

Rövşən Kazımov – kordinator: "Biz hər iki zavoddan aldığımız məhlulları göndəririk elektroliz zavoduna, ordan isə qızıl külçələr alınır. Əldə olunan külçələr doremetal adlı külçələrdir ki, təxminənə onların da tərkibi təxminən 70-80% qızıl metalı təşkil edir. Biz bu külçələri xaricə göndəririk və orda qızıl külçələr tam saflaşdırıldıqdan sonra Aurum brendi adı altında satışa çıxarırıq".

Mədənin xidməti sahəsinə daxil olan zəngin filiz yataqlarından xammalın əldə olunaraq daşınması qazıntı və digər yollarla aparılır.

Mədən ərazisində geoloqların axtarışlarının nəticəsi olaraq zəngin filiz yataqlarının əldə olunması üçün dağlarda mütəmadi olaraq mikro partlayışlar da həyata keçirilir.

Qeyd edək ki, “Azerbaijan İnternational Mining Company Limited” şirkəti üzərinə götürdüyü öhdəliyə əsasən Gədəbəyin bir neçə kəndində icma layihələri həyata keçirir. Buraya yaşayış massivlərinə yolun, suyun çəkilməsi və digər sosial layihələr daxildir.

Xaliq Qurbanlı