• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 696
— 10.06.2015 12:57

Daşkəsən Filizsaflaşdırma Kombinatı bir neçə istiqamətdə işlərə başlayıb

Ölkə başçısı İlham Əliyevin 2013-cü ildə imzaladığı sərəncamla “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Daşkəsən Filizsaflaşdırma Kombinatının bərpasını təmin edərək istehsal olunan dəmir filizinin keyfiyyətinin və həcminin artırılması da bu sərəncamdan irəli gələn əsas məsələlərdir.

Daşkəsən Filizsaflaşdırma Açıq Səhmdar Cəmiyyətin Cənub Daşkəsən yatağının şərq sahəsindən dəmir filizi çıxarılır. Çıxarılan dəmir filizləri isə yük avtomobilləri ilə saflaşıdırma fabrikinə daşınır.

Gün ərzində buradan 4-5 min ton dəmir filizi çıxarılır. Burada gün ərzində 26 ədəd ağırtonnajlı texnika çalışır. Çıxarılan filizin tərkibinin orta hesabla 40 faizi dəmirdir.

Rasim Süleymanlı- baş geoloq: “1 milyon kub üstüaçma işləri nəzərdə tutulub ki, onun artıq 500 min kub üstüaçma işləri görülüb. Bizim ümumi mədənlərdə dövlət tərəfindən təsdiq olunan 270 milyon ton dəmir filizi ehtiyatımız var”.

Dəmir Filizsaflaşdırma Fabrikinə gətirildikdən sonra burada xammal bunkerlərə tökülür. Fabrikdə 1 ton filizdən 500 kq-a yaxın hazır məhsul alınır. Hazırda kombinatın illik istehsal gücü 350 min tondur. İstehsal həcminin mərhələli şəkildə ilin sonuna qədər 750 min tona çatdırılması planlaşdırılır. 2018-ci ildə isə “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti 1,7 milyon ton dəmir filizi istehsal etməyi hədəfləyib. 

Əli Səfərov- baş texnoloq: “Burada üç mərhələ xırdalanmadan və iki pillə üyümədən sonra separatsiya olunaraq içindəki boş süxurlar atılır və tərkibində 65 faizdən yuxarı dəmir olan dəmir filizi konsentratı istehsal olunur”.

“Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətində hazır məhsullar kimyəvi laboratoriyada yoxlanıldıqdan sonra 3 kanat vasitəsilə Quşçu dəmiryol stansiyasına, oradan isə alıcılara göndərilir. Müəssisədə kamera sistemi də quraşdırılıb ki, bu da istehsal prosesini izləməyi asanlaşdırır.

Telekörpü vasitəsilə “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin baş ofisi ilə istehsalatla bağlı müzakirələr də aparılır.

Elnur Vahidoğlu