• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 698
— 20.09.2014 10:01

Gəncədə və Tovuzda yol qəzaları yaşanıb: 3 nəfər xəsarət alıb

KepezTV Player

Gəncədə piyada zolağını keçmək istəyən hamilə qadını maşın vurub. Tovuzda isə 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər xəsarət alıb.

Dünən axşam saat 22:00 radələrində Gəncədə piyadanın vurulması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, şəhər sakini 30 yaşlı Emiliya Yusibova həyat yoldaşı ilə piyada zolağından yolu keçmək istəyərkən VAZ 2106 markalı avtomobil tərəfindən vurulub. Zərərçəkən dərhal yaxınlıqdakı insanların köməkliyi ilə Gəncə şəhər TTYX-nin travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər 4 aylıq hamilə olan qadının vəziyyətini normal qiymətləndirir.

Məharət Kərimov -həkim: "Xəstəyə baxış zamanı sifətin və sağ bud çanağının əzilmiş-sıyrılmış yarası təyin olunub. Zərərçəkmişdə yoxlama zamanı hamiləlik qeydə alındığı üçün ginekologiya şöbəsinə köçürülüb. Hazırda vəziyyəti stabil qiymətləndirilir".

 

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədib qaçan, 25 yaşlı Elvin İsmayılov saxlanılıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Tovuzda isə 2 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Aşağı Öysüzlü kəndi ərazisində "Volksvagen" markalı avtomobil qəzaya uğrayıb. Hadisə şahidlərinin sözlərinə görə, sürücü sürətlə idarə etdiyi maşını yol kənarında dərəyə aşıraraq hadisə yerindən uzaqlaşıb. Həmin yolda tez-tez qəzaların baş verdiyini bildirən sakinlər hərəkətin tənzimlənməsi üçün tədbirlərin görülməsini istəyirlər.

Səhər saat 06:30 radələrində isə rayonun Düz Cırdaxan kəndi ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə zamanı Şəmkir rayon sakini 67 yaşlı Fərhad Həsənovun idarə etdiyi  “VAZ 21-06”-ı markalı avtomobil Tovuz rayon Əlimərdanlı kənd sakini Rauf Məmmədovun idarə etdiyi "VAZ 21-04”-lə  toqquşub. Qəzada sürücülərlə yanaşı "VAZ 21-06"da olan  sərnişin, Fərhad Həsənovun həyat yoldaşı 59 yaşlı Səlmi Həsənova da müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, 67 yaşlı Fərhad Həsənovun vəziyyətini ağır olaraq qalır.

Hər iki faktla bağlı Tovuz polisi araşdırmalara başlayıb.

Xaliq Qurbanlı

Rahim İbrahimoğlu