• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3020
— 06.05.2015 20:35

Qaxda ağır yol qəzası baş verib, Bakıda isə yük kranının aşması nəqliyyatın hərəkətini dayandırıb

Bu gün günorta saatlarında Qax rayonu ərazisində ağır yol qəza hadisəsi baş verib. Qax sakini Azər Qazaxov, idarə etdiyi QAZ-3129 markalı avtomobillə Qax istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobili körpüdən aşırıb. Nəticədə avtomobildə olan sərnişin Şahid Əhmədov elə hadisə yerindəcə dünyasını dəyişib. Sürücü və digər sərnişinlər Asif Məmmədzadə, Firudin Yusifzadə və Vüqar Paşayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan Vüqar Paşayev də xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Avtomobildə sıxışıb qalan cəsədin və yaralıların avtomibildən çıxarılması üçün əraziyə FHN-nin xüsüsi xilasediciləri cəlb olunub. Qəzanın dəqiq olaraq hansı səbəblərdən baş verdiyi bilinmir.

 

Bakıda isə bu gün səhər saatlarında Dövlət Statistika Komitəsinin qarşısındakı yolda yük maşını aşıb. Hadisə ərazidəki reklam lövhəsini götürmək üçün gələn qaldırıcı kranın aşması səbəbilə meydana gəlib. İlkin məlumata görə, kranın aşdığı ərazidə avtomobillər olsa da, heç birinə zərər dəyməyib. Qaldırıcı kran özü isə uzaqdan idarə edildiyi üçün kabinədə heç kim olmayıb, bu səbəbdən xəsarət alan yoxdur. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən bildiriblər ki, Nəriman Nərimanov prospektinin İnşaatçılar prospekti ilə kəsişməsində baş verən yol nəqliyyat hadisəsi nəticəsində prospektdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

 

Baş verən faktlarla əlaqədar araşdırmalar aparılır.