• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2804
— 04.05.2015 18:09

Respublika ərazisində xəsarətlə nəticələnən bir neçə yol qəzası baş verib

Bərdə və Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib. Mingəçevirdə qeydə alınan yol-nəqliyyat hadisəsi isə xəsarətsiz ötüşüb.

 

Bərdə-Yevlax magistral yolunun Cəyirli kəndi ərazisindən keçən hisəsində yol qəzasi qeydə alınıb. Şahidlərin bildirdiklərinə görə, hərəkətdə olan “Mersedes” markalı avtomobil “VAZ 21 011” markalı minik maşınını vurub. Zərbənin təsirindən bir neçə dəfə yuvarlanan “VAZ 21 011” yolun kənarı ilə hərəkət edən velosipedə dəyib, sonra aşıb. Nəticədə həm velosipedçi Yunis İsgəndərov, həm də “VAZ 21 011”-də olan Şamil Qocayev və onun qardaşı Natiq Qocayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər üç yaralı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib.

Kürdəmirdə də yol qəza hadisəsi baş verib. Bakı-Qazax yolunun 198-ci kilometrliyində qeydə alınan hadisə zamanı Seyfəddin Haciyevin idarə etdiyi “Mitsubişi Pikap” markalı minik maşını Qubat Ələkbərovun idarə etdiyi “KamAZ”a çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan minik maşınının sürücüsü, 49 yaşlı Seyfəddin Haciyev, avtomobildəki digər şəxslər-49 yaşlı Rais İbişov və onun 47 yaşlı qardaşı Nəriman İbişov Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Mingəçevirdə isə “Fiat” və “VAZ 21 015” markalı avtomobillər toqquşub. Hadisə bu gün saat 12:00 radələrində baş verib.  Şəhərin 20 Yanvar küçəsində qeydə alınan qəzada xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Şahidlərin sözlərinə görə, hadisəyə səbəb küçədə işıqforların işləməməsi olub. Faktla bağlı araşdırma aparılır.