• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 894
— 02.05.2015 11:21

Gəncədə alternativ və bərpa olunan enerjidən istifadə üzrə pilot layihə tətbiq edilir

Dünyanın bir çox qabaqcıl ölkəsində olduğu kimi son zamanlar Azərbaycanda da alternativ və bərpa olunan enerjidən istifadə üzrə əsaslı işlər görülüb. Gəncədə də, enerjinin bu növünün pilot layihə olaraq tətbiqinə başlanılıb.

Gəncənin 39 nömrəli orta məktəbində və Gəncə uşaq evində quraşdırılan qurğular uğurla sınaqdan keçirilib. Burada həm 1.5 kilovat elektrik enerjisi istehsal edən günəş panelləri və həmçinin 1.5 ton su qızdırmaq imkanına malik olan günəş suqızdırıcısı quraşdırılıb. Eyni gücə malik olan digər alternativ və bərpa olunan enerji qurğusu isə Gəncə uşaq evində qurulub. Hər iki qurğu ilə yanaşı layihə ətraf rayonlarda da icra olunur.

İrşad Abbasov- ekoloji ekspert: “Goranboy və Tovuz rayonlarında 30 fərdi evdə günəş suqızdırıcı batareyaları quraşdırılıb. Bu qurğular həmin ailələrin il ərzində məişətdə istifadə etdikləri suları qızdırmaq gücündədirlər. Yay aylarında bu qurğular istifadə olunan suları 90, qış aylarında isə 45-50 dərəcə isitmək gücündədir”. 

İlkin olaraq qurğunun quraşdırılmasında istifadə olunan günəş batareyaları və digər avadanlıqlar xaricdən gətirilirdisə, hazırda ölkə daxilində istehsal olunur. Bu da öz növbəsində günəş batareyalarının quraşdırılmasının daha ucuz başa gəlməsinə səbəb olur. Qeyd edək ki, alternativ və bərpa olunan enerjidən istifadə, digər yancaq vasitələrinə olan tələbatı azaltmaqla yanaşı ekoloji baxımdan da zərərsizdir. Ekspertlər bu enerji növünün inkişafı üçün ölkənin iqlim şəraitini olduqca əlverişli hesab edir.  

Elton Cabbarlı