
Bakı otellərindən birində qanlı hadisə yaşanıb. 1 nəfər qətlə yetirilib, bir nəfər yaralanıb. İmişlidə isə 21 yaşlı qız öz dayısı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb.
Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, Nəsimi rayonunda yerləşən banklardan birinin filial müdiri olan Azər Məmmədzadə otelin idman zalında məşq edən zaman bir nəfərlə zalda qarışıq döyüş növləri üzrə məşqçi Ruslan Əfəndiyevin mübahisəsi yaranıb. Həmin şəxslə məşqçi arasında dava düşüb. Bu zaman Azər onları sakitləşdirmək istəyərkən Bakı şəhər sakini 28 yaşlı Sənan Quliyev bıçaqla məşqçiyə və Azərə zərbələr vurub. Azər Məmmədzadə aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Ruslan Əfəndiyev isə özəl klinikalardan birinə çatdırılıb.
Bərdə rayonunda da qətl hadisəsi baş verib. Hadisə bu gün səhər saatlarında Bərdə mərkəzi bazarında qeydə alınıb. Rayonun Güloğullar kənd sakini, 35 yaşlı Elsevər Cəfərovla, həmin kənddə məskunlaşan Ağdam rayon sakini Ceyhun İbrahimov arasında mübahisə baş verib. İki qonşu arasında bazarda baş verən mübahisə birincinin bıçaqlanması ilə nəticələnib. Hadisə şahidlərinin bildirdiyinə görə, Ceyhun İbrahimov, Elsevər Cəfərova qəflətən ürək nahiyəsindən bıçaqla zərbə endirib. Elsevər Cəfərov aldığı xəsarətdən dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən Ceyhun İbrahimov isə qaçmağa cəhd edərkən polis tərəfindən saxlanılıb.
Ötən gün saat 14 radələrində İmişli rayonunun Qaragüvəndikli kəndində də qətl törədilib. 21 yaşlı qız öz dayısı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb.
Belə ki, həmin kənd sakini 23 yaşlı Tağıyev Vüsal Atamoğlan oğlu yaşadığı evə gələn zaman bibisi qızı Hüseynova Emilya Bahadur qızı ilə mübahisələri yaranıb. Vüsal bibisi qızına söz deyən zaman aldığı cavab onu anidən özündən çıxarıb. Yaranan mübahisə zamanı Vüsal bibisi qızı olan Emilyanı bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən Vüsal könüllü olaraq İmişli rayon Polis Şöbəsinə təslim olub və əməlini etiraf edib.
Hazırda faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma davam etdirilir.
- Baxış: 1279