• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 705
— 22.04.2015 18:19

Gəncədə “Respublikada İmmunlaşdırma həftəsi” çərçivəsində 55 uşağa peyvənd vurulacaq

Səhiyyə Nazirliyinin əmri ilə hər il olduğu kimi, bu ildə apreilin 20-dən 25-nə kimi “Respublikada İmmunlaşdırma həftəsi” keçirilir. Gəncə şəhərində bu müddət ərzində 55 uşağa peyvənd vurulacaq.

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə artıq 10 ildir ki, respublikamızda “İmmunlaşdırma həftəsi” keçirilir. Tədbirin məqsədi müəyyən səbəblərə görə peyvənd olunmayan 6 yaşa qədər uşaqlara peyvənd vurulmasıdır. Gəncə şəhərində bütün poliklinikalar tərəfindən həmin kateqoriyadan olan azyaşlıların siyahısı tərtib olunub. Siyahıya əsasən, 55 uşaq 11 xəstəliyə qarşı peyvəndə cəlb ediləcək. 

Nuranə Nəcəfova- 1 saylı uşaq poliknikasının şöbə müdiri: “Bizdə bütün uşaqlar qeydiyyatdadır. Hansı uşaq hansı peyvənddən kənarda qalıbsa onu çağırırıq vaxtlı-vaxtında peyvənd edirik. Hər sahədən 1-2 uşaq elə olur ki, peyvənddən kənar da qalır. Valideynə başa salınır ki, vaxtlı-vaxtında uşağı peyvəndə cəlb eləsinlər.

Difteriya, tetanus, göy öskürək, qızılca, məxmərək, hepatit B əleyhinə bütün uşaqları çalışırıq ki, peyvənd edək”.

 “İmmunlaşdırma həftəsi”  çərçivəsində Gəncədə peyvənd olunan uşaqların yekun siyahısı barədə may ayının 1-nə kimi Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə məlumat veriləcək.

Gəncə şəhərində uşaqların peyvəndlənməsi üçün 8 məntəqə yaradılıb. Həmin məntəqələrdən 5-i poliklinika, 3-ü isə həmin poliklinikaların tərkibində olan pediatrik şöbələrdir.

Elnur Vahidoğlu