• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 698
— 22.04.2015 18:18

Gəncənin orta məktəblərində təhsil alan 6 şagird respublika fənn olimpiadalarından medalla qayıdıb

Bu münasibətlə Gəncə şəhər Təhsil İdarəsində fərqlənən şagirdlərlə görüş keçirilib.

Üç mərhələdə keçirilən fənn olimpiadalarının I – rayon (şəhər) mərhələsinə Gəncədən 696 şagird qatılıb. Zona mərhələsinə vəsiqə qazanan 89 şagirddən isə yalnız 11-i Bakıda baş tutan final mərhələsində iştirak hüququ əldə edib. Onlardan 4-ü qızıl, 2-si isə gümüş medalla Gəncəyə qayıdıb. Adını qaliblər sırasına yazdıran şagirdlərdən 5-i 26 nömrəli məktəb-liseyin pilot siniflərinin, biri isə 32 nömrəli məktəbin şagirdidir.

Mirəli Əhmədli - şagird: "Respublika fənn olimpiadalarında riyaziyyat fənnindən iştirak edirdim. Burada 5 sualın 5-ni də tam həll edib, maksimal nəticə göstərib, qızıl medal qazandım".

Dursun İsmayılova - Gəncə şəhər Təhsil İdarəsinin metodisti: "11 şagird aparmışdıq, onlardan 0 ballıq nəticə göstərən olmadı. 6 nəfər medal qazandı, digərləri isə lazım olan göstəricinin yarısını toplaya bildilər. Düşünürəm ki, bu onlar üçün təcrübə oldu və gələcəkdə onlar da daha yüksək nəticə göstərəcəklər".

Qızıl medal qazanan şagirdlərdən biri – Kərim Kərimli eyni zamanda Bakıda təşkil olunacaq 47-ci Beynəlxalq Kimya Olimpiadasında Azərbaycan təmsilçilərindən biridir. Hazırda həmin şagirdlər Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında hazırlıq keçirlər. Sözügedən olimpiada bu il iyulun 20-29-da keçiriləcək.

Kərimli Kərim - şagird: "Təhsil Nazirliyi Rusiya və başqa ölkələrdən müəllimlər dəvət edib. Həftə içi müəyyən günlər dərslərə giririk, müəyyən vaxtlarda isə laboratoriyalarda təcrübə keçirik. Dərslər rus və ingilis dillərində yüksək səviyyədə aparılır".

Qeyd edək ki, bu il respublika fənn olimpiadalarına 22 min şagird qatılıb. Qaliblər ölkənin 23 bölgəsindən olub. Qızıl medal qazanan şagirdlər isə respublikanın 14 bölgəsini təmsil edib.

Gülnar Fazilqızı