• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 705
— 22.04.2015 17:46

Gəncədə “İmamzadə” dini-memarlıq kompleksinin bərpa işləri başa çatmaq üzrədir

Gəncədə “İmamzadə” dini-memarlıq kompleksində 4 ildir ki, aparılan yenidənqurma və təmir-tikinti işləri artıq başa çatmaq üzrədir. Xatırladaq ki, bir müddət əvvəl dövlət başçısının sərəncamı ilə işlərin yekunlaşdırılması üçün Prezidentin Ehtiyat Fondundan şəhər İcra Hakimiyyətinə əlavə 5 milyon manat vəsait ayrılıb.

Ölkənin ən qədim dini abidələrindən biri olan Gəncə İmamzadəsində uzun illər idi ki, nə əsaslı, nə də cari təmir aparılmırdı. Lakin ölkə başçısının göstərişindən sonra 2011-ci ildən başlayaraq İmamzadə dini-memarlıq komleksinin əsaslı təmir-bərpasına və yenidən qurulmasına start verildi. Bu müddət ərzində ziyarətgahın ərazisində  məscid, mehmanxana, qurbangah və ziyarətgahdan ibarət olan 4 yeni tikili inşa edilib. Əvvəllər yalnız ziyarətgah kimi fəaliyyət göstərən dini kompleksdə yenidənqurmadan sonra kitabxana, muzey, dini konfransların keçirilməsi üçün zallar da fəaliyyət göstərəcək. Bununla yanaşı, kompleksin ərazisində uzaqdan gələn zəvvarların gecələməsi üçün mehmanxana da da inşa edilib.

İmamzadə dini kompleksində tikilən əsas binalardan biri də 200 yerlik mehmanxanadır ki, bura gələn qonaqların, rahat gecələməsi üçün bütün şərait yaradılıb və mehmanxanada işlər tam yekunlaşıb.

200 nəfərin çalışdığı kompleksdə işlərin əsas hissəsi yekunlaşıb. Hazırda yeni inşa edilən tikililərin daxili və xarici interyerinin qurulması və binaların xüsusi ornamentlərlə üzlənməsi istiqamətində işlər davam etdirilir.

Rafiq Mehrəliyev- iş icraçısı: “Tikinti meydançasında yerləşir otel, 350 nəfərlik mərasim zalı, yardımçı otaqlar və məsciddir. Hazırda tikinti işlərinin 80 faizdən artığı görülüb. Və son tamamlama işləri aparılır”.  

Qeyd edək ki, tikinti işlərində yalnız yerli materiallardan istifadə olunur. Podratçı şirkətdən bildirildiyinə görə, kompleksdə işlər ən qısa müddətdə yekunlaşdırılaraq təhvil veriləcək.