• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 697
— 28.11.2014 13:33

Gəncədə ilk dəfə şəhər ictimaiyyətinin iştirakı ilə açıq dərslər keçirilib

Gəncənin ali və orta ixtisas məktəbləri arasında ilk dəfə olaraq Gəncə Dövlət Universitetində şəhər ictimaiyyətinin iştirakı ilə açıq dərs keçirilib. İctimaiyyət nümayəndələri həmçinin ilk dəfə universitetin 4-cü kurs tələbələrinin orta məktəbdə keçdiyi praktik dərsi də dinləyib.

Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsinin 2-ci kurs tələbələri üçün keçilən açıq dərsi, şəhər ictimaiyyətinin nümayəndələri ilə yanaşı, ali təhsil ocağının,  eləcə də Gəncənin digər universitetinin professorları və gənc müəllimlər də dinləyib. Burada tələbələrə əyani vasitələrlə yanaşı, ağıllı löhvədə mövzuya uyğun çarxlar nümayiş olunub. Açıq dərsi daxili internet şəbəkəsi ilə onlayn izmək də mümkün olub.

Vasif Həsənov- Riyaziyyat-informatika kafedrasının müəllimi: “Universitetimizdə 15 meqabit sürətində internet mövcuddur. Bütün kafedralarda, dekanlıqlarda internet istifadəyə verilib. Gələcəkdə beynəlxalq layihələrə qatılıb universitet şəbəkəsini daha da genişləndirmək nəzərdə tutulub”.

Daha sonra 9 nömrəli tam orta məktəbdə riyaziyyat-informatika fakültəsinin 4-cü kurs tələbəsinin açıq dərsi də dinlənilib. Burada şagirdlərin dərsi daha yaxşı başa düşməsi üçün mövzuya uyğun hazırlanan müxtəlif çarxlar da nümayiş olunub.

Pərvin Kərimzadə- GDU-nun elm və texnika üzrə prorektoru: Bu gün Gəncə Dövlət Universitetində yeni bir layihə həyata keçirilir. Layihə universitetin rektoru, professor Yusif Yusifovun təklifi ilə təşkil edilir. Əsas məqsədimiz universitetimizdə hazırlanan yüksək ixtisaslı kadrların necə dərs keçdiklərini və cəmiyyət üçün necə kadr hazırlandığını göstərməkdir”.

Qərara alınıb ki, hər həftə Gəncə Dövlət Universitetində və şəhərin orta məktəblərində  ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu cür açıq dərslər keçirilsin.

Elnur Vahidoğlu