• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 704
— 27.11.2014 16:29

Gəncə sakinləri QİÇS- lə mübarizə günü çərçivəsində müayinə edilirlər

Dekabrın 1-i Ümumdünya QİÇS- lə mübarizə günü ilə əlaqədar olaraq, Avropa ölkələrində noyabrın 21-dən 28-dək İİV -lə bağlı müayinə həftəsi keçirilir. Ölkəmizdə isə artıq ikinci ildir ki, belə aksiya təşkil olunur.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi QİÇS- lə bağlı Mübarizə Mərkəzi tərəfindən keçirilən aksiyada bu dəfə Gəncə Dövlət Universitetinin müəllim və tələbə heyəti iştirak edib. Xüsusi testlər vasitəsilə iştirakçılardan qan analizi götürülüb, 10 dəqiqə ərzində nəticələr bəlli olub. Bu cür aksiyaların keçirilməsi ilə, həm epidemiyanın qarşısı alınır, həm də xəstəliyə yoluxan insanlara yardım edilir.

İnsanlar şübhədən çıxmaq və immun çatışmazlığı sindromunun qarşısını almaq üçün yalnız aksiyaların keçirilməsini gözləməməli, xəstəxanalara müraciət edərək, analiz verməlidirlər.

Afaq Əsədova-həkim: “Müayinədən keçmək istəyənlər Gəncədə 2 saylı poliklinikada və 3 saylı poliklinikada keçə bilərlər. Anonimlik qorunur və müayinə pulsuzdur”.

Müayinə həftəsi çərçivəsində respublikanın bir sıra təhsil ocaqlarında, həmçinin Bakı Beynəlxalq avtovağzalı ilə, Salyan avtovağzalında da bu cür aksiyalar keçirilir.

Zülfiyyə Telmanqız