• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 704
— 25.11.2014 16:38

Gəncə MKS-nin Uşaq şöbəsi oxuculara Nizami Gəncəvi adına 19 saylı kitabxana filialının binasında xidmət göstərməyə başlayıb

1946-cı ildən fəaliyyət göstərən Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi artıq Nizami Gəncəvi adına 19 saylı kitabxana filialının binasında oxuculara xidmət göstərməyə başlayıb. Burada oxuculara latın qrafikalı ədəbiyyatla yanaşı, rus və ingilis dilində olan kitablar da təqdim olunur.

Hazırda kitabxananın fondunda 19 minə yaxın vəsait saxlanılır. Onların sırasında Azərbaycan dilində olan nəşrlər üstünlük təşkil etsə də, rus və ingilis dilində olan ədəbiyyatların da sayı az deyil. Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin əməkdaşları oxucuların azlığından da şikayət etmir. İl ərzində kitabxanaya 3500-ə yaxın oxucu müraciət edir ki, bu da kitaba olan marağın azaldığı bir dövrdə heç də pis göstərici deyil.

Elza Əliyeva- Gəncə MKS-nin Uşaq şöbəsinin kitabxanaçısı: "Demək olar ki, şəhərimizin ən öndə gedən məktəblərindən: 4, 5, 27, 44 nömrəli məktəblərin şagirdləri daimi oxucularımızdır. Biz bu məktəblərin şagirdləri ilə mütəmadi olaraq çalışırıq. Lazım olan ədəbiyyatı onlara vaxtı-vaxtında çatdırırıq".

Uzun illərdir bu işdə çalışan müsahibimiz kitaba olan marağın mütləq şəkildə uşaq yaşlarından aşılanmalı olduğunu deyir. Burada isə iş valideynlərlə tədris müəssisələrinin üzərinə düşür.

Elza Əliyeva- Gəncə MKS-nin Uşaq şöbəsinin kitabxanaçısı: "Azyaşlı uşaqların baxçada kitaba necə maraq göstərdiklərinin biz özümüz şahidi olmuşuq. Dəfələrlə keçirilən tədbirlər zamanı, bizim onlara apardığımız nağıl kitabları və nağıl disklərindən görürük ki, uşaqlar həqiqətən də bu kitablara maraq göstərirlər".

Uşaq şöbəsi Nizami Gəncəvi adına 19 saylı kitabxana filialının binasında yerləşdiyindən bura gələn oxucular eyni vaxtda iki kitabxanaya baş çəkmiş olurlar. Övladlarına nümunə olmaq istəyən valideynlər üçün bu olduqca əlverişlidir. 10000-ə yaxın kitab fondu və 2500-ə yaxın oxucusu olan 19 saylı kitabxana binasında hazırda Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə təmir işləri aparılır və bina istilik sistemi ilə təchiz olunacaq.

Gülnar Fazilqızı