• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 698
— 24.11.2014 18:55

Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları reyd keçiriblər

Yollarda baş verən qəzaların sayının, eləcə də piyadavurma hallarının durmadan artması Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarını hərəkətə gətirib. Yol polisi əməkdaşları bu dəfə yol hərəkəti qaydalarını kobud şəkildə pozan piyadalara qarşı reyd keçirib.

Yolun müəyyən olunmuş hissəsindən, eləcə də yeraltı keçidlərdən istifadə etməyərək yolu haradan gəldi keçərək həyatlarını təhlükəyə atan piyadalara qarşı reyd keçirilib. Gəncənin bir neçə küçə və prospektində baş tutan reyd zamanı 20-ə yaxın piyada inzibati qaydada cərimələnib. Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin müfəttişi Knyaz Orucov bildirib ki, 2014-cü ilin arxada qalan dövrü ərzində 9341 piyada yol hərəkəti haqqında qaydanı pozduğu üçün məsuliyyətə cəlb olunub.

Yollarda baş verən qəzaların yarısının demək olar ki, piyadaların üzərinə düşməsi faktının statistik rəqəmlərdə əks olunması bu məsələnin ciddiliyindən xəbər verir.

Bu kimi reydlər şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq həyata keçiriləcək. Cərimələnməmək, ən əsası da həyatınızı təhlükəyə atmamaq üçün  yolu keçərkən piyada zolaqlarından və yeraltı keçidlərdən istifadə edin.

 

Xaliq Qurbanlı