• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 706
— 24.11.2014 16:07

Səfikürd kəndi yaxınlığında aşkarlanan kurqanlar yerüstü muzey kimi qorunacaq

Goranboy rayonunun Səfikürd kəndi yaxınlığında aşkarlanan və iyun ayından öyrənilməyə başlanılan qədim kurqanlar yerüstü muzey kimi qorunacaq. 3 əsrdən artıq yaşı iddia olunan sərdabənin əlverişli məkanda yerləşməsi buna imkan verir.

Ərazi həm rayon mərkəzinə yaxındır, həm də turizm baxımdan əhəmiyyətli hesab edilən yolun üzərində yerləşir. Ən azı 3000 il yaşı olduğu güman edilən kurqan böyüklüyünə görə Azərbaycanda aşkarlanan nadir tapıntılardandır. Kurqanı öyrənmək üçün türkiyəli antropoloqlar da əraziyə cəlb olunub. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, sərdabənin diametri 30 m, hündürlüyü 3 m 20 sm-dir. Ətraf hissəsinin isə eni 1,5 m, hündürlüyü 1,5 m olan daş düzümü ilə əhatə olunub. Torpaq örtüyünə malik kurqanın altında çox böyük sərdabənin olduğu şübhə doğurmur.

Müzəffər Hüseynov –AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi: “Güman edirik ki, bu sərdabə bir tayfa başçısına,  nüfuzlu şəxs və ya şəxslərə aid olsun. Burada çox böyük nəticələr əldə etmək fikrindəyik. Burada həmçinin, ağaclar var. Ağac tirlərin uzunluğu diametri 30-40 sm, uzunluğu 8,5-9 m uzunluğu var. Həmin ağacdan da nümunə götürmüşük. Yəni, onun yaşını və növünü, həmçinin, o vaxtın iqlimini müəyyənləşdirmək üçün”.

Havaların soyuq keçməsi ilə əlaqədar arxeoloji qazıntı işləri müvəqqəti dayandırılıb. Gələn ilin may ayından isə, işlər davam edəcək. Bu, rayon ərazisində qədim dövrlərin izlərini özündə cəmləyən ilk fakt deyil. Müxtəlif vaxtlarda Goranboyun Qaradağlı, Şadlı, Tatarlı kəndi ərazilərində aparılan qazıntı işləri zamanı da maddi sübutlara rast gəlinib.

 

Aymirə İsmayılqızı