• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 705
— 24.11.2014 15:13

Ölkədə əmək qanunvericiliyinin pozulması halları hələ də qalmaqdadır

Son bir ildə işə götürənlərlə işçi arasında əmək müqaviləsinin bağlanması ilə bağlı aparılan tədbirlər öz nəticəsini verir. Müqavilələrin elektron qaydada həyata keçirilməsi bu işləri daha da asanlaşdırıb. Bununla yanaşı əmək qanunvericiliyinin pozulması halları da qalmaqdadır.

2014-cü ilin arxada qalan dövrü ərzində 20 saylı Dövlət Əmək Müfəttişliyinin rəsmiləri tərəfindən aparılan yoxlamalar zamanı 117 halda əmək qanunvericiliyinin pozulması halı aşkar edilib. Nəticədə 59 min 200 manat məbləğində cərimə tətbiq olunub. Aparılan yoxlamalar tək bununla yekunlaşmayıb. İşçilərin ərizələrinin araşdırılması zamanı qeydə alınan qanun pozuntuları, eləcə də gecikdirilən əmək haqqı və digər sosial ödəmələrlə bağlı daha 8 min 200 manat məbləğində cərimə sanksiyası tətbiq edilib. Xüsusən tikinti sektoru, əməyin mühafizəsi və normal əmək mühitinin yaradılması istiqamətində çatışmazlıqlar var.

Malik Şükürov- 20 saylı Dövlət Əmək Müfəttişliyinin rəisi: “Ümumiyyətlə sahibkarlıq subyektlərində aparılan yoxlamalar zamanı ən çox qanun pozuntusu əməyin mühafizəsi, sağlam əmək şəraitinin yaradılması ilə bağlıdır. Biz tərəfdən nöqsan aşkar olunur və tərəfimizdən həmin şəxslərə metodiki köməkliklər də göstərilir ki, bu nöqsanlar aradan qaldırılsın”.

İşəgötürənlərlə əmək müqavilələrinin bağlanmasına gəlincə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron formada qeydiyyat aparıldığından problem yaranmır.