• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 746
— 21.11.2014 19:48

Dələduz tutduğu əmələ görə şeytanı günahlandırdı

Yasamal rayonu kənar dairəvi yol, ev 20, mənzil 64-də yaşayan Elmir Quliyev 29-cu polis bölməsinə müraciət edərək bildirib ki, o, işdə olan zaman mənzilinin qapısını döyən dilənçi qadın onun həyat yoldaşına kimsəsiz uşaqlar üçün pul yığdığını söyləyib. Dərhal araşdırmalara başlayan 29-cu polis bölməsinin əməkdaşları, dələduzluq etməkdə şübhəli bilinən Beyləqan rayon sakini Vüsalə Səfiyevanı isti izlərlə saxlamağa nail olublar.

İşin ibtidai istintaqı ilə məşğul olan bölmənin təhqiqatçısı İbrahim Məmmədovdan aldığımız məlumata görə, zərərçəkən Elmir Quliyevin həyat yoldaşı Fidan Quliyeva dilənçiyə 1 manat 60 qəpik verdikdə, özünü Könül kimi təqdim edən dilənçi qadını söhbətə tutub, sonra isə çay içmək istədiyini deyib. İçəri daxil olan dilənçi Fidan Quliyevaya evlərinin havasının ağır olduğunu bildirib: «Çay içən zaman Vüsalə ev sahibinə bildirib ki, evində ağırlıq hiss edir, bu yaxınlarda başına pis işlər gələcək. Ev sahibi pis işləri soruşduqda, Vüsalə bildirib ki, 3 gün ərzində Fidan Quliyevanın övladı ölə bilər, həyat yoldaşı isə onu atıb gedə bilər. Bu zaman Vüsalə ev sahibinə kömək edə biləcəyini bildirib, Fidan xanım isə onunla razılaşıb. Dırnaqarası köməkçi qadın cibindən “Quran” çıxarıb və “Quran”a baxanda çıxılmaz vəziyyətdə qalan qadından 2 ədəd üzük, bir neçə geyim əşyaları götürüb. O, həmin əşyaları guya Quba məzarlığına aparacağını və orada həmin evə olunan cadunu aradan götürəcəyini söyləyib».

 

Təhqiqatçının sözlərinə görə, dələduz qadın bu yolla zərərçəkənin ailəsinə 4 min manata yaxın maddi ziyan vurub.

Əslən Beyləqan rayonundan olan dələduz qadına polis əməkdaşları Quba məzarlığına getməyə imkan verməyiblər. Yaxalanaraq istintaqa təhvil verilən Vüsalə Səfiyeva indiyədək təxminən 5 mənzilə daxil olduğunu vurğulayıb. Özünü Könül kimi təqdim edən Vüsalə evlərə girməsinin səbəblərini açıqlayıb. Onun sözlərinə inansaq, xəstə olan oğlu üçün 12 qapını döyüb nəzir almalı imiş: “Oğlum xəstədir. Onun sağalması üçün mənə dedilər get 12 qapı döy, nəzir al, onda oğlun sağalacaq. Mən də 4 qapıya getdim, beşincidə Allah şeytana lənət eləsin, o, aldatdı məni. Qızıl götürdüm, paltarlar götürdüm, özü verdi hamısını. Tutulanda gətirdim təhvil verdim götürdüklərimi”.

Tutduğu əmələ görə şeytanı günahlandıran Vüsalə Səfiyevanın peşmançılıq hissləri onu cinayət məsuliyyətindən azad etməyəcək. Bunu təhqiqatçı İbrahim Məmmədov deyib. Baş vermiş faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanıb. Saxlanılan qadının oxşar cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.