• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3035
— 14.11.2014 14:11

Şəmkirlilər Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin mobil ofisinin xidmətindən yararlanıblar

Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi əvvəllər verilən mülkiyyət hüququna dair sənədlərin kütləvi şəkildə çıxarışlarla əvəz olunması kampaniyasına start verib. Kampaniya çərçivəsində ərazi qeydiyyat idarələri ilə yanaşı mobil ofislər vasitəsi ilə səyyar şəkildə çıxarışların verilməsi prosesi də həyata keçirilir. Mobil ofislər Saatlıdan sonra bu gün Şəmkir rayonunun Qaralar kəndində olub.   

Qaralar kəndi Şəmkirlə Samux rayonunun sərhədində yerləşir. Kəndlə rayon mərkəzi arasında məsafə uzaq olduğundan vətəndaşlar mobil ofisin xidmətlərindən maksimum yararlanmağa çalışıb. Əsas müraciətlər isə həyatyanı və pay torpaq sahələrinə aid çıxarışların verilməsi ilə bağlı olub.

Qurban İsmayılov- sakin: “35 kilometr məsafəni qət etmək çətin olur. Ağsaqqallar, uşaqlı qadınlar üçün problem olurdu. Ona görə də biz bu təşəbbüsü çox bəyəndik”.

Kampaniyanın keçirildiyi 2 gün ərzində 300-ə yaxın vətəndaş əvvələr verilən mülkiyyət hüququna dair sənədləri dövlət reyesterindən çıxarışlarla əvəz edə bilib. Müraciətlərin kütləviliyini nəzərə alaraq mobil ofislərin fəaliyyəti gələcəkdə bütün regionları əhatə edəcək.

Qulu Xəlilov- ƏMÜDK-nin İctimaiyyətlə Əlaqələr və İnformasiya şöbəsinin müdiri: “Mobil ofislərin üstün cəhətləri ondan ibarətdir ki, xüsusi təbəqədən olan vətəndaşlar vaxta qənaət etməklə ərazi idarələrinə gəlmədən kəndlərdə bu xidmətlərdən istifadə edə bilirlər”.  

Həyata keçirilən bu layihə vətəndaşların işini asanlaşdırmaqla yanaşı alqı-satı prosesini də sürətləndirəcək.

Natiq Hüseyn