• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3006
— 06.11.2014 15:06

Şəmkirdə sahibkarlara 700 min manatdan çox güzəştli kredit verilib

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Fond sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumunu Şəmkirdə reallaşdırıb.

İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib. 200-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv nar, xurma bağlarının və kartofçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Forum çərçivəsində Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 59 sahibkara 794,6 min manat güzəştli kredit verilib. Vəsaitlər əsasən, heyvandarlıq, quşçuluq, tərəvəzçilik, bağçılıq, üzümçülük, arıçılıq və istixana təsərrüfatlarının inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması da mümkün olacaq.

Ümumilikdə, 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 4785 sahibkara 261 milyon manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.