• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4000
— 01.11.2014 15:39

Şəmkirin xurması dəmir yolu ilə Rusiyaya daşınır

Şəmkirdə xurma bağları bol məhsul gətirib. Məhsuldarlıqla yanaşı, qiymətlərin ötən illə müqayisədə bir qədər baha olması bağ sahiblərinin üzünü güldürür. Əsas alıcılar isə Rusiya bazarlarında ticarətlə məşğul olan həmyerlilərimizdir.

Şəmkir rayonunda xurma yığımına təxminən bir həftə əvvəl başlanılıb. Bağ sahiblərinin sözlərinə görə, hər ağacdan ən azı 150 kiloqram xurma yığılır. Məhsuldarlıq artsa da, qiymətlər ucuzlaşmayıb. Əksinə, ötən illə müqayisədə 30 qəpik bahalaşma müşahidə olunur.  

Rafiq Rüstəmov- bağ sahibi: “Ötən il məhsuldarlıq az idi. Bu il çox yaxşıdır. Hektara 8-9 ton xurma götürürük. Ötən illə müqayisədə qiymətlərdə də böyük fərq var”.

Qəhrəman Dəmirov- bağ sahibi: “Havaların isti keçməsinə baxmayaraq, xurma bağlarında məhsul çox yaxşıdır. Qiymət də münasibdir. Ötən il 30-40 qəpiyə satılırdısa, bu il qiymətlər 70-75 qəpik arasında dəyişir”.

Şəmkir xurması əsasən Rusiya bazarlarında satılır. Məhsulun həmin bazarlara çatdırılması isə dəmir yolu vasitəsilə həyata keçirilir.  Bunun üçün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xüsusi vaqonlar ayrılıb. Təkcə Şəmkir dəmir yolu stansiyasında hər birinin tutumu 40 ton olan 30-dan çox belə vaqon var. Tələbat olarsa, vaqonların sayı artırıla bilər.

Vidadi Abdullayev- Şəmkir Dəmiryol Stansiyasının rəisi: “Hamısı soyuducusu olan vaqonlardır. Fermerlərin tələbatı nəzərə alınaraq hamısı stansiyalara vaxtında gətirilib. Yığım davam edir. Əgər ehtiyac duyurlarsa nəinki indiki 37 vaqon, bir o qədər də tələbatı ödəməyə dəmir yolunun imkanı var”.

Şəmkir rayonunda 2000 hektardan çox xurma bağı var. Həmin bağların böyük əksəriyyəti bar verir.

Natiq Hüseyn