• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2898
— 31.10.2014 12:27

Goranboyun xurma bağlarında yığım işlərinə başlanılıb

Goranboy rayonu üçün xarakterik olan kənd təsərrüfatı məhsullarından biri də xurmadır. Rayonda bu il ərzində təqribən 36 min tona yaxın xurma yetişib. Fermerlər bağlarda yığım işlərini davam etdirir.

Goranboyda xurma yığımına oktyabrın ortalarından başlanılıb. Bağlardan bir ağacdan təxminən 100-150 kq olmaqla məhsul götürülməsi nəzərdə tutulub. Hazırda bu meyvənin 7-9 kiloqramlıq bir yeşiyinin qiyməti 2-3 manat arasında dəyişir.

Zaman Quliyev- təsərrüfat sahibi: "Yığıdığımız məhsulu saxlama kameralarına yerləşdirəcəyik. Bir müddətdən sonra satılması üçün Rusiyanın müxtəlif şəhərlərinə aparacağıq. Bu il havaların isti və quraq keçməsinə baxmayaraq məhsul boldur və təklif olunan qiymət də bizi qane edir".

Goranboy ərazisində xurmanın əsasən şişburun və yastı növləri yetişdirilir. Bu il rayonda 600 hektar sahədə xurma yetişdirilib. Hər hektar sahədən də 50-60 sentner məhsulun götürülməsi proqnozlaşdırılır.

Yasin Məmmədov - Goranboy rayon İH-nin Aqrar məsələlər şöbəsinin baş məsləhətçisi: "Xurma bağlarında yığıma başlanılıb. Ötən ilə nisbətən bu il bağlarımızda bol məhsul yetişib. Məhsulun qiymətində müsbət cəhətdən fərq olduğu üçün təsərrüfat sahibləri bu meyvənin yetişdirilməsinə maraq göstəririlər. Satışımızda da elə bir ciddi problem yoxdur".

Yığılan məhsul əsasən Rusiya bazarlarına göndərilir. Rayon ərazisində ümumi tutumu 2 min ton olan saxlama kamerasının xidmətindən də istifadə edilir.  

Zülfiyyə Telmanqızı, Xaliq Qurbanlı