• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2191
— 30.10.2014 16:19

Gəncə Tibb Kollecində təşkil olunan ixtisasartırma kursları iştirakçılarını tibb aləmindəki yeniliklər barədə məlumatlandırır

Nazirlər kabinetinin qərarı və Səhiyyə Nazirliyinin göstərişi ilə artıq üç ildir ki, orta ixtisaslı tibb işçiləri üçün ixtisasartırma və hazırlıq kursları təşkil olunur. Qərb bölgəsinin yeganə tibb müəssisəsi olan Gəncə Tibb Kollecində də ixtisasartırma kursları fəaliyyət göstərir.

Regionun 10 rayonundan tibb işçiləri təyin olunan qrafik üzrə bir aylıq kurslarda iştirak edir. Kursu bitirən tibb işçiləri Səhiyyə Nazirliyinin sertifkasiya komissiyasında imtahan verir və imtahandan keçənlər yenidən işlərini davam etdirirlər. Hazırda  Gəncə Tibb Kollecində 69 nəfər orta ixtisaslı tibb işçisi kurslara qatılıb. Onlar ixtisas üzrə peşəkarlıqlarını artırmaqla yanaşı, tibb aləmindəki yeniliklər barədə də məlumatlandırılırlar.   

Niyazi İbrahimov- Gəncə Tibb Kollecinin direktoru: “Kurslar daima artan tələbatı ödəməyə eyni zamanda tibbdə olan yenilikləri öyrənməyə, xəbərdar olmağa kömək edir. Qabaqlar elə olurdu ki, 10 illərl’ kursa getmirdilər, tibbdə olan yeniliklərdən xəbərləri yox idi, belə işləməkdə sözsüz ki, çətin olurdu”.

Həmçinin  bu tədris ilində Gəncə Tibb Kollecinə 220 vakant yer verilib ki, bu da ötən ilki qəbuldan 90 nəfər çoxdu. Bunun da öz səbəbi var.

Niyazi İbrahimov- Gəncə Tibb Kollecinin direktoru: “65 yaşdan sonra insanların mütləq olaraq təqaüdlə bağlı olaraq işdən çıxması, istər-istəməz yerlərin artmasına səbəb olur, gənc kadrların yer tapmaları, işləmələri üçün şərait yaradılır. Yaşlılar gedirlər, cavanlar gəlir onların yerinə. Həm işlər yenilənir, həm də sözsüz ki, yaxşı oxumuş cavanlar işin öhdəsindən daha yaxşı gəlirlər. Mən səbəbini bunda görürəm”.

Bu tədris ilindən Gəncə Tibb Kollecində oxuyan tələbələrin təhsil müddəti uzadılaraq 3 il olub. Hazırda Kollecdə 480 tələbəyə 100 pedaqoq və həkim tibbin sirlərini öyrədir.

Elnur Vahidoğlu