• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 705
— 27.10.2014 07:18

Şəmkirin kənd və qəsəbələrində vətəndaşların problemləri araşdırılır

Şəmkirdə vətəndaşların növbəti səyyar qəbulu keçirilib. Bu dəfə Zəyəm qəsəbəsinin sakinləri rayon rəhbərliyinə problemlərini çatdırıblar. Görüşdə səsləndirilən müraciətlərin əksəriyyəti yerindəcə həll edilib.

8200-ə yaxın əhalisi olan Şəmkirin Zəyəm qəsəbəsinin son illər əsas avtomobil yolları asfaltlanıb, küçələr müasir işıq dirəkləri ilə təmin olunub. Yol kənarlarına həmişəyaşıl ağaclar əkilib. Ötən il qəsəbədə müasir tələblərə cavab verən yeni məktəb binası tikilərək istifadəyə verilib. Sakinlərlə görüşdə vurğulanıb ki, yaxın vaxtlarda qəsəbədə yeni texnopark istifadəyə veriləcək. Burada 100-dən çox sakin daimi işlə təmin olunacaq. Səyyar qəbulda sakinlər əsasən məhəllədaxili yolların təmirini, yeni idman qurğularının tikintisini, su, qaz, işıq və digər kommunal problemləri önə çəkiblər.  

Zəyəm qəsəbə sakini: “Bizim idman zalımız çox bərbad vəziyyətdədir. Xahiş edirik, onun təmirinə köməklik göstərəsiniz”.

Alimpaşa Məmmədov- Şəmkir rayon İcra Hakimiyyətinin başçısı: “Qısa bir zamanda bu problem öz həllini tapacaq. Mən icra nümayədəsinə bununla bağlı tapşırıq verirəm ki, bu məsələni diqqətdə saxlasın və həmin zal təmir edilsin”.  

Qəsəbə sakinləri pay torpaqlarının bölgüsü və onların sənədləşdirilməsi eləcə də təhsil, səhiyyə və mədəniyyət sahələrində mövcud olan probemləri də diqqətə çatdırıblar.

Rayon rəhbərliyi hər bir müraciətin ayrı-ayrılıqda nəzarətə götürüldüyünü və onların mərhələli şəkildə həll olunacağını deyib.

Natiq Hüseyn