• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 697
— 22.10.2014 15:18

Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası Şəmkirdə baş tutub

İclas çərçivəsində hər iki ölkələrin iş adamlarının iştirakı ilə biznes forum da keçirilib. Eləcə də Şəmkir və Litvanın Şaulyay şəhəri qardaşlaşıb.

Hökumətlərarası Komissiyanın iclasında iki ölkə arasında energetika, kənd təsərrüfatı, ekologiya, gənclər və idman, mədəniyyət və turizm, təhsil elm, nəqliyyat, gömrük, səhiyyə sahələrində birgə əməkdaşlığa dair müzakirələr aparılıb. Komissiyanın həmsədrləri vergilər naziri Fazil Məmmədov və xarici işlər naziri Linas Linkeviçius Azərbaycanla Litva arasında iqtisadi əlaqələrin əhəmiyyətini qeyd edərək əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıblar.

Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 4-cü iclasının yekunlarına dair protokol imzalandıqdan sonra Şəmkirdə 2 ölkənin iş adamlarının iştirakı ilə  biznes forum keçirilib. Sayca 8-ci olan tədbirə kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, energetika, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 70-ə yaxın iş adamı qatılıb. Biznes forumda müxtəlif layihələrin təqdimatı keçirilib, yeni əməkdaşlıq imkanları müzakirə edilib, hər iki ölkənin iş adamları və sahibkarlar fəal əməkdaşlığa dəvət edilib.

Tədbir çərçivəsində Şəmkirlə Litvanın Şaulyay şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması barədə Niyyət Protokolu da imzalanıb. Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və Şaulyay şəhərinin meri Yustinas Sartauskasın imza atdığı sənəd iqtisadi və mədəni əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə, ölkələr arasında münasibətlərin dərinləşməsinə imkan verəcək. Oxşar iqtisadi potensiala malik hər iki şəhərdə Protokola uyğun olaraq bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, Şəmkir şəhəri Şaulyayla qardaşlaşan sayca 11-ci şəhər olub.