• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 735
— 21.10.2014 20:23

2014-cü ilin doqquz ayında Gəncə şəhərinin sosial-iqtisadi inkişafının yekunları haqqında GİH-in başçısının hesabatı dinlənilib

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarının hesabatı dinlənilib. Hesabatda həmçinin qarşıda duran vəzifələr də geniş müzakirə edilib.

Şəhər ictimaiyyətininin nümayəndələrinin, ziyalıların, eləcə də idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi hesabatda qeyd olunub ki, şəhərdaxili avtomobil yollarının tikintisi, əsaslı təmiri, yenidənqurulması istiqamətində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib. Cari ilin əvvəlindən Gəncədə böyük tikinti, abadlıq-quruculuq işləri davam etdirilir, ərazilərdə səliqə-sahman yaradılır. Aparılan tikinti-quraşdırma və yenidənqurma işlərinin keyfiyyətinə xüsusi diqqət göstərilir və nəticədə 276 milyon manatdan çox vəsait xərclənib. Həmçinin ötən aylarda Gəncənin ümumi daxili məhsul istehsalının həcmi, eyni dövrlə müqayisədə 10 faiz artıb. İqtisadi sahədə çalışan işçilərin əmək haqqı 7 faiz artaraq 316 manata çatıb. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Gəncənin iş adamlarına 1 milyon manata yaxın uzun müddətli güzəştli kreditlər verilib və nəticədə 4500-ə yaxın yeni iş yerləri yaradılıb. “Sənaye ili”nin qarşıya qoyduğu vəzifələr uğurla həyata keçirilir. Hesabatda o da diqqətə çatdırılıb ki, şəhərdə tikilən bir sıra obyektlərin inşasının gələn ilin ortalarına kimi başa çatdırılması nəzərdə tutulub.

Elmar Vəliyev- Gəncə şəhər İcra Hakimiyyətinin başçısı: “İmamzadə ziyarətgahının, Filarmoniyanın gələn ilin ortalarına iyun-iyul ayına başa çatdırmalıyıq. Möhtərəm cənab prezidentin bu barədə tapşırıqları, tövsiyələri var. Artıq istiqamət bəllidi. Biz bu iki böyük layihəni başa çatdıracağıq. Bununla yanaşı Əziz Əliyev prospektini, parkını, ondan əlavə Mirzə Şəfi Vazehin həm parkını, həm də muzeyini də başa çatdırmalıyıq”.

Hesabatda  görülən işlərlə yanaşı qarşıda duran vəzifələr və layihələr bir daha geniş müzakirə edilib. Daha sonra şəhərin sosial-iqtisadi, mədəni və tikinti sahələrində çalışanlardan böyük bir qrupuna şəhər icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələri  verilib. 

Elnur Vahidoğlu