• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 705
— 21.10.2014 15:14

Gəncədəki Məhsəti Gəncəvi mərkəzinə gələn turistlərin sayı artıb

Gəncə şəhərində yerləşən Məhsəti Gəncəvi mərkəzinə gələn yerli və xarici turistlərin sayı artıb. Mərkəzə yeni eksponatların gətirilməsi nəzərdə tutulub.

Məhsəti Gəncəvi Mərkəzi fəaliyyətə başladığı vaxtdan etibarən, ötən 10 ay ərzində öz eksponatları ilə yerli vətandaşların və xarici turistlərin diqqətini çəkib. Mərkəzdə şairin həyat və yaradıcılığını əks etdirən, maddi mədəniyyət nümunələri, Elektron Kitabxana, Oxu zalı və Elektron məlumat lövhəsi var.

Aytən Cəfərova- Məhsəti Gəncəvi Mərkəzinin bələdçisi: “Mərkəzdə eksponatlarımız Məhsəti Gəncəvinin əsərlərinə aiddir. Burda olan nümunələr miniatür obrazlar və Məhsəti Gəncəvinin əsərlərindən götürülmüş heykəltəraşlıq nümunələridir. Başqa eksponatlarımız da var. Hazırda, onları yenə toplayırıq. Mərkəzimizə hədiyyə də olur”.

Mərkəzin milli geyimlər sərgisində Məhsəti dövrü, xüsusilə də intibah dönəminin xanımlarına xas milli geyim nümunələri sərgilənir. Rəsm qalereyasında Məhsəti Gəncəvi obrazı və rübailərinə həsr edilən müxtəlif tablolar, sənət nümunələri, monumental əsərlər nümayiş etdirilir. Məhsəti otağında şairin heykəli ucaldılıb. Burada proyektor vasitəsilə miniatür və rəsm əsərləri təqdim olunur. Bir sözlə, Mərkəz, Gəncə ədəbi mühitinin görkəmli nümayəndəsi Məhsətinin yaradıcılığını əks etdirmək baxımından xüsusi çəkiyə malikdir.

Gülşən Zabitqızı

Mehman Abbaszadə