• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1380
— 20.10.2014 15:05

Samuxda məktəblər qışa tam hazırdır

Qış fəslinin yaxınlaşması ilə məktəblərdə hazırlıq işləri sürətləndirilib. Samux rayonunda da bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib. Görülən işlər tədrisdə yarana biləcək problemlərin həllinə zəmin yaradır.

Digər regionlarda olduğu kimi Samux rayonunda da son illər yenilənən bütün təhsil ocaqları müasir istilik sistemi ilə təchiz olunub. Rayonda 18  belə məktəb var ki, onların da qazanxanası saz vəziyyətdir. Təmirə ehtiyacı olan və əsasən uyğunlaşdırılan binalarda yerləşən 12 məktəbdə isə odun sobasından istifadə olunur. Yerdə qalan 5 məktəbin kollektivi isə əvvəlki illərdə olduğu kimi cari tədris ilində də elektrik enerjisindən yararlanacaq. Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov məktəblərdə qış fəslində istiliklə bağlı problem yaşanmayacağını deyir.

Gülağa Hüseynov- Samux rayon Təhsil Şöbəsinin müdiri: “Bütün ümumtəhsil məktəblərində qışa hazırlıq işləri başa çatdırılıb. Qazanxana sistemi işləyən məktəblərdə qurğular saz vəziyyətə gətirilib. Odun sobası ilə işləyən məktəblərə yerli icra nümayədəlikləri tərəfindən odun tədarük olunub. Mən ümidvaram ki, qışın sərt keçməsindən asılı olmayaraq Samux rayonunun ümumtəhsil məktəblərində istiliklə bağlı heç bir problem olmayacaq”.

Samux rayonunda 5 məktəbdən kənar müəssisə də fəaliyyət göstərir ki, həmin təhsil ocaqlarında qışa hazırlıq işlər başa çatdırılıb. Rayonda 35 məktəb üzrə 7817 şagird təhsil alır.