Nəhayət ki, qış boyu yığılıb saxlanılan kartof və soğanların satış problemi həll olundu. 2016-cı ilin əvvəlində Həştərxanda rekord həddə məhsul əldə edilməsi heç də bol qazanc gətirmədi. Səbəb isə satılmayan məhsulun saxlanılması üçün kifayət qədər yerin olmaması idi. Daxili bazar üçün isə bu qədər kartof, soğan həddən artıq çox idi.
Stefan Timofeyev- təsərrüfatçı: “Qışda bu problem bizi çox narahat edirdi. Lakin yaz aylarında İranla bağlanan müqavilədən sonra problem öz həllini tapdı”.
Artıq İran, Pakistan və İraq başda kartof və soğan olmaqla tərəvəz bazarında əlaqələrin yaradılmasına xüsusi maraq göstərir. Həştərxanlı təsərrüfat sahiblərinin yeni bazarlara çıxmasında və başqa ölkələrdən alıcı tapmalarında Azərbaycan daha yaxından kömək edir.
Stefan Timofeyev- təsərrüfatçı: “İlk vaxtlar bizə bir azərbaycanlı iş adamı müraciət etdi və biz onunla müqavilə bağladıq. İndi soğan məhsulunu Azərbaycana yollayırıq, onlar isə öz növbəsində İrana ixrac edirlər”.
Bax beləcə, azərbaycanlı iş adamlarının səyi nəticəsində anbarlarda yığılan bütün məhsullar satılıb. Onlar həm öz daxili bazarlarında, həm də digər ölkələrə məhsulun satışında əsas rol oynayırlar. Həştərxan isə bu ticarətdə topdan satış məntəqəsi funksiyasını yerinə yetirir.
Aleksey Qalkin– Həştərxan Vilayətinin baş nazirinin kənd təsərrüfatı və balıq sənayesi işləri üzrə müavini: “Qeyd etmək istəyirəm ki, tərəvəz ixracı taxıla nisbətən daha mürəkkəb prosesdir. Buna başlıca səbəb isə onun saxlanma yeri və rütubətlilik amilidir. Hələ ki, İranla bizim təsərrüfatçılar pərakəndə və kortəbii əlaqələr qurub. Düşünürəm ki, onların əlaqələrini möhkəmləndirmək lazımdır”.
Tezliklə tərəvəz anbarları yenidən dolmağa başlayacaq. Buna səbəb isə sahibkarların ikinci mövsüm əkinini etməsi və iyun ayında məhsul yığımına başlamasıdır. Mütəxəssislərin fikrincə, bu dəfə məhsul birinciyə nisbətən bir qədər zəif satılacaq. Çünki ixrac olunan ölkələrdə yerli məhsul artıq yetişib və tələbatı müəyyən dərəcədə ödəyir.
Eşqin Zahid
- Baxış: 1978