XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə səhiyyə tarixində yeni bir səhifə açılıb. 1918-ci il iyunun 17-də ilk dəfə Azərbaycanda Səhiyyə Nazirliyi yaradılıb və bu sahə dövlətin idarəsinə keçib. İlk səhiyyə naziri isə ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edilib. 17 iyun tarixinin səhiyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunması Ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən, müəyyənləşdirilib. Ümumiyyətlə, XX-XXI əsrin hüdudlarında insan sağlamlığı faktoru daha çox diqqət mərkəzində olub. Ümumdünya Səhiyyə Təşkilatının Nizamnaməsində sağlamlığın insanın əsas hüquqlarından hesab edilməsi bunu bir daha təsdiqləyir.
Ölkəmizdə isə tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizə ilə bağlı olub. İqtisadi-sosial və mədəni sferada dönüş yaratmaq, bu sahələrdə milli kadrların hazırlığını genişləndirmək məsələsi də o vaxtdan ön plana çəkilib.
Qasım Allahverdiyev – kardioloq: “Səhiyyə işçilərinin amalı insan sağlamlığının keşiyində dayanmaqdır. Bəxtiyar Vahabzadənin bir şeirini səhiyyə işçilərinə aid edirəm.
Yaşamaq yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa, yaşamır demək,
Onun da yanmağı yaşamaqdadır.
Həkim ömrünü xəstənin sağlamlığı uğrunda şam kimi yandırır, əridir. Əgər bu belə olmasa, o xəstəyə heç vaxt şəfa verə bilməz”.
Sevindirici haldır ki, Azərbaycan səhiyyəsi Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir və bunun nəticəsində dünyada baş verən bütün tibbi yeniliklər ölkəmizdə də öz əksini tapır.
Son illərdə səhiyyə sahəsində olan inkişaf göz qabağındadır. Tibb müəssisələrinin maddi-texniki bazası müasir səviyyədə qurulur, kadr hazırlığı, tibb təhsilinin yenilənməsi istiqamətində çox ciddi addımlar atılır. Bu sahəyə ayrılan büdcə vəsaitləri səmərəli şəkildə istifadə olunur. Bütövlükdə, ölkəmizdə tibb sahəsində həyata keçirilən islahatlar bəhrəsini verib, səhiyyənin səmərəliliyinin yüksəldilməsi, eyni zamanda intensivləşdirilməsində mühüm rol oynayıb.
Eşqin Zahid
- Baxış: 1892