• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1579
— 15.06.2016 10:15

Milli Qurtuluş günü

Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Ona görə də, azadlığının, müstəqilliyinin yolunu illərlə gözləyən, mübarizə aparan Azərbaycan xalqı bu yolda minlərlə şəhid verib. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir.

XX əsrin sonlarında ölkəmizdə mövcud olan mənzərəyə nəzər saldıqda bir tərəfdə azadlığını tələb edən böyük bir kütlə, bir tərəfdə əsas idarəçi mövqeyində dayan SSRİ rəhbərliyi , digər tərəfdə isə yaranmış fürsətlərdən istifadəni qaçırmaq niyyətində olmayan ermənilərin əsas fiqurlar olduğunu görürük. Bədnam qonşumuz olan ermənilərin yenidən fəallaşması və Dağlıq Qarabağ iddiaları ilə çıxış etməsinin arxasında isə Ulu öndər Heydər Əliyevin Moskvada tutduğu vəzifələrdən istefa verməsi dayanırdı. Artıq ermənilər və onların havadarları yaxşı bilirdilər ki, Azərbaycanı qoruyan bir insan daha vəzifədə deyil və onlar istədiklərini həyata keçirə bilərlər. İstər xarici təzyiqlər, istərsə də ölkə daxilindəki separatçı qüvvələr Azərbaycanı birbaşa uçuruma sürükləyirdi.

Müstəqilliyin ilk illəri isə siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi.

Fuad Əliyev– AMEA-nın Gəncə bölməsinin direktoru: “Artıq 1988-90-cı illərdə bu hadisələr daha da geniş vüsət aldı. Azərbaycanı bir neçə yerə parçalamaq istəyirdilər. Talış-Muğan zonası, Şirvan zonası, Gəncə zonası. Hər bir separatçı qüvvənin özünün qruplaşması, hər bölgənin özünün rəhbəri var idi. Bu isə xaosun yaranmasına gətirib çıxardı. SSRİ dönəmində isə ümumiyyətlə, Azərbaycanın müstəqil siyasəti, müstəqil rıçaqları olmamışdı”.

Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Ulu öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə,15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın xilasının başlanğıcı çox çətin olsa da, Ümummilli lider bu çətin yolda xalqına güvəndi və onunla birgə addımladı. Problemlərin öhtəsindən gəlməyi bacardı. Ölkəni dünyaya tanıtdı. Dövlətin iqtisadi əsaslarını gücləndirdi. Azərbaycanı müstəqil və müasir bir diyara çevirdi.

Eşqin Zahid