• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 735
— 18.10.2014 15:31

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə və Goranboyda olub

Gəncədə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyan dövlət başçısı və xanımı “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olublar. Ardından Gəncədə “Stadler” vaqon istehsalı zavodunun təməlqoyma mərasimində iştirak ediblər. 2016-cı ildə fəaliyyətə başlaması planlaşdırılan və ildə 60 vaqon istehsal gücünə malik zavodda hazırlanacaq vaqonların Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və İrana satılması nəzərdə tutulub. Gəncədə yeni Dram Teatr binasının da təməli qoyulub. 520 tamaşaçı üçün nəzərdə tutulan binada 150 yerlik yeraltı avtomobil dayanacağı və iaşə obyektləri fəaliyyət göstərəcək. 1200 tamaşaçı yeri olan Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanışlıqdan sonra Prezident və xanımı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər. Təlim-tərbiyənin Azərbaycan və rus dillərində aparıldığı ikimərtəbəli bağçada 7 qrup yaradılıb və uşaqların istirahəti, intellektual, fiziki və əqli inkişafı, sağlam böyümələri üçün hər cür şərait yaradılıb.

İlham Əliyev və Mehriban Əliyeva Goranboyda da xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət etdikdən sonra “Goranboy” paylayıcı elektrik məntəqəsində görülən işlərlə tanışlıq olub. Respublikada 330 kilovoltluq gərginlikdə ilk paylayıcı məntəqənin də işə düşməsi İranla enerji mübadiləsinin həcminin artırılmasına imkan verəcək. Prezidentin ehtiyat fondundan ayrılan 10,2 milyon manat vəsait hesabına salınan Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun da açılışı olub. 35 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən yolun 24 kilometrlik hissəsinin inşası başa çatdırılıb. Prezident və xanımı Goranboy şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrasının başa çatması ilə əlaqədar təşkil olunan mərasimdə də iştirak ediblər. Layihəyə əsasən, Goranboy rayonunun və Naftalan şəhərinin 47 min 430 nəfər sakini fasiləsiz içməli su ilə təmin ediləcək. Prezident İlham Əliyev Goranboy rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşüb.