• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 848
— 02.04.2016 17:22

Oftalmoloq Tuğyan Məlikovun 90 illik yubileyi qeyd edilib

Tuğyan İmran oğlu Məlikov. O, Gəncədə oftalmologiyanın əsasını qoyanlardan olub. Uzun illər Gəncə Şəhər Oftalmoloji xəstəxananın baş həkimi olan Tuğyan Məlikovun 90 illiyi bu gün çalışdığı səhiyyə ocağında qeyd edilib.

Tuğyan Məlikov 1926-cı il aprelin 2-də Bakının Şağan kəndində anadan olub. 1940-50-ci illərdə Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirib. Tibb sahəsində ilk fəaliyyətinə Orta Asiya ölkələrində başlayıb. 1951-ci ildə öz həmkarı ilə ailə həyatı qurub. Həkim daha sonra peşəsini qonşu Gürcüstanda davam etdirib. Oftalmoloqun sonrakı - ömürlük fəaliyyəti Gəncəylə bağlı olub. Belə ki, uzun müddət Gəncə şəhər 2N poliklinikada şöbə müdiri işləyən Tuğyan Məlikov indiki Oftalmoloji xəstəxananın qurucularından olub.

Azər Məmmədov- Gəncə Şəhər Oftalmoloji xəstəxananın baş həkimi: "Tuğyan Məlikovla 15 il birgə çalışmışıq. Ona ağsaqqal kimi yanaşırdıq. Aramızdan gedəndən sonra böyük itki hiss olundu. Çox savadlı həkim idi, insanların dərdinə, ağrısına həssas yanaşırdı".

Tuğyan Məlikov 1971-ci ildən 1992-ci ilə qədər Gəncə şəhər Oftalmoloji xəstəxananın baş həkimi, 2001-ci ilə qədər isə yaşı ilə əlaqədar həkimi vəzifəsində çalışıb. Oftalmoloqun üç qız övladı var və onlardan ikisi atasının sənətini davam etdirir.

Sürəyya Məlikova- Tuğyan Məlikovun qızı: "O, çox dəqiq diaqnoz qoyurdu. Göz dibinə baxanda beyinin hansı tərəfində şiş olduğunu asanlıqla təyin edə bilirdi. O zaman neyrocərrahiyyənin o qədər də inkişaf etmədiyi bir vaxtda, xəstələr Moskvaya göndərilirdi. Amma Tuğyan Məlikov dəqiq  diaqnoz verirdi".

Xidmətlərinə görə dəfələrlə Sovet İttifaqının bir sıra orden və mükafatlarına layiq görülən Tuğyan Məlikov, 2001-ci ildə vəfat edib.

Xəyalə Mürsəl